BU HİSSLƏRİ YAŞAYAN KİMDİR?

Bura qədər olan bölmələrdə həyatımıza aid bütün hisslərin beynimizdə əmələ gəldiyini nəzərdən keçirdik. Burada bir az diqqətlə düşünən hər insanın soruşacağı çox vacib sual ilə qarşılaşırıq.

Məlumdur ki, gözümüzdəki hüceyrələrdən gələn elektrik siqnalları beynimizdə görüntüyə çevrilir. Məsələn, beyin görmə mərkəzinə gələn bəzi elektrik siqnallarını günəbaxan tarlası kimi şərh edir. Elə isə görən göz deyil.

Əgər görən gözlərimiz deyilsə, elə isə beynin arxa hissəsində, qapqaranlıq yerdə gözə, tor qişaya, göz bülluruna, göz sinirlərinə, göz bəbəyinə ehtiyacı olmadan elektrik siqnallarını rəngarəng günəbaxan tarlası kimi görən, gördüyü bu mənzərədən zövq alan kimdir?

Heç bir səsin girə bilmədiyi beyində qulağa ehtiyacı olmadan elektrik siqnallarını ən yaxın dostunun səsi kimi eşidən, bu səsi eşitdikdə sevinən, eşitmədikdə onun üçün darıxan kimdir?

Beynin içində bir ələ, barmaqlara, əzələlərə ehtiyacı olmadan pişiyinin tüklərini oxşadığını hiss edən kimdir?

İsti, soyuq, qatılıq, forma, dərinlik, uzaqlıq kimi toxunma duyğularını əslinin eynisi ilə beyində kim yaşayır?

Heç bir qoxunun girə bilmədiyi beynin içində limon, lavanda, gül, yemiş, qarpız, portağal, kabab qoxusunu eynisi ilə qoxulayan və kababın qoxusunu duyduqda iştahaya gələn kimdir?

Bura qədər daima duyğularımızın beynimizdə meydana gəldiyindən bəhs etmişik. Elə isə beynin içində əmələ gələn bu görüntüləri bir televizor ekranındakı kimi seyr edən, seyr etdiklərindən sevinən, kədərlənən, həyəcanlanan, razı qalan, təşvişə düşən, maraqlanan kimdir? Bütün gördüklərini və hiss etdiklərini şərh edən şüur kimə aiddir?

Həyatı boyu qapqaranıq, səssiz kəlləsinin içində ona göstərilən görüntüləri seyr edən, düşünən, nəticə çıxaran, qərar verən şüur sahibi varlıq kimdir?

Bütün bunları qavrayan, şüuru meydana gətirən varlığın şüursuz atomların əmələ gətirdiyi su, yağ, zülal kimi maddələrdən ibarət olan beyin olmadığı aydındır. Beynin fövqündə çox daha fərqli bir varlıq olmalıdır. Daniel Dennet materialist olmasına baxmayaraq, kitabında bu sualı belə açıqlayır:

Şüurlu düşüncələrim və xüsusilə də günəş işığından, Vivaldidən, yüngülcə tərpənən budaqlardan aldığım zövq - necə olur ki, bütün bunlar sadəcə beynimdə əmələ gələn fiziki şeylərdir? Necə olur ki, beynimdəki elektrokimyəvi birləşmələrin kombinasiyası bu yüzlərlə zərif budağın zaman ərzində musiqi ilə diz çökməsinə çevrilir? Beynimdəki məlumatı hazırlama prosesi necə olur ki, üzərimə düşən günəş işığının istiliyinə çevrilir? Hətta beynimdəki hadisə necə olur ki, beynimdəki başqa bir məlumatı hazırlama prosesinin çertyoj şəklində əyaniləşdirilmiş zehni görüntüsünə çevrilir? Bu, mümkünsüz görünür. Mənim şüurlu düşüncələrim və təcrübələrim olan hadisələr beyin prosesləri deyilmiş kimi görünür, ancaq başqa bir şey olmalıdır, şübhəsiz, beyin proseslərinin səbəb olduğu və ya onlar tərəfindən hazırlanan, ancaq buna əlavə olaraq fərqli maddədən əmələ gələn, fərqli məkana yerləşdirilmiş bir şey. Bəli, niyə də olmasın?23

R.L. Gregory isə beynin arxasında olan və bütün bu görüntüləri görən bu varlığı belə şərh edir:
Gözlərin beyində şəkillər əmələ gətirdiyini söyləyən söhbət gedir, ancaq bu fikirdən çəkinmək lazımdır. Beyində şəkil əmələ gəldiyi deyilirsə, bunu görməsi üçün içəridə bir göz də olmalıdır, lakin bu gözün şəklini görmək üçün bir gözə də ehtiyac olacaq... və bu da sonsuz bir göz və şəkil olması deməkdir. Bu, mümkün deyil.24

Maddədən başqa varlığı qəbul etməyən materialistlərin içindən çıxa bilmədikləri əsl müəmma elə budur. Görən, gördüyünü qavrayan və reaksiya verən "içəridəki göz" kimə aiddir? Karl Pribram da elm və fəlsəfə dünyasında qavrayışı hiss edənin kim olduğu ilə bağlı bu vacib axtarışa belə diqqət çəkmişdir:

Yunanlardan bəri filosoflar "maşının içindəki xəyal", "kiçik insanın içindəki kiçik insan" və s. üzərində daima düşünmüşlər. "Mən" – yəni beyindən istifadə edən varlıq haradadır? Əslində bilməni həyata keçirən kimdir? Assisili Müqəddəs Francisin də dediyi kimi: "Axtardığımız şey baxanın nə olduğudur".25

Bir çox insan bu mövzunu düşünərək həqiqətə lap yaxınlaşdığı halda "görən kimdir" sualının cavabını verməkdə, düşüncədə bundan daha irəliyə getməkdə tərəddüd edir. Yuxarıdakı nümunələrdə də göründüyü kimi, mənliyimizi meydana gətirən varlığa bəziləri "kiçik insan", bəziləri "maşının içindəki xəyal", bəziləri "beyni idarə edən varlıq", bəziləri isə "içəridəki göz" ifadəsindən istifadə etmişlər. Bütün bu ifadələrdən beynin fövqündə şüur sahibi olan varlığı tərif etmək və onu dərk etmək üçün istifadə edilmişdir. Ancaq bu insanlar materialist fikirlərinə görə, əslində görənin, eşidənin kim olduğunu dilə gətirə bilməmişlər.

Bu həqiqətin cavabını bizə verən yeganə mənbə dindir. Allah Quranda insanın əvvəl bədənini yaratdığını, sonra da ona "ruhundan üfürdüyünü" bildirmişdir.

Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: "Mən quru və qoxumuş qara palçıqdan insan yaradacağam! Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!" (Hicr surəsi, 28-29)

Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan üfürdü. O, sizə göz, qulaq və ürək verdi. Siz az şükür edirsiniz! (Səcdə surəsi, 9)

Yəni insanın bədənindən başqa varlığı da var. Beyninin içindəki görüntünü "görürəm" deyən, beyninin içində eşitdiyi səsləri "eşidirəm" deyən, öz varlığının dərk edən və "mən mənəm" deyən bu varlıq Allahın insana verdiyi ruhdur.

Ağıl və vicdan sahibi olan hər insan həyatı boyu yaşadığı hər hadisəni beyninin içindəki ekranda seyr edən varlığın ruhu olduğunu dərhal başa düşəcəkdir. Hər insan gözə ehtiyacı olmadan görə bilən, qulağa ehtiyacı olmadan eşidə bilən, beyinə ehtiyacı olmadan düşünə bilən ruha malikdir.

Tək mütləq varlığın maddə olduğunu iddia edən, insan şüurunun da yalnız beynindəki kimyəvi proseslərin nəticəsi olduğunu zənn edən materialist düşüncə isə bu mövzuda çıxılmaz vəziyyətə düşmüşdür. Bunu görmək üçün hər hansı materialistə bu sualları verə bilərsiniz:

- Görüntü beynimizdə əmələ gəlir, ancaq bu görüntünü beynimizdə kim seyr edir?

- Hal-hazırda yanınızda olmayan aşağı mərtəbədəki qonşunuzu gözünüzün qarşısına gətirin. Onu aydın şəkildə görürsünüz. Paltarının detalları, üz cizgiləri, saçlarındakı ağlar, səsinin tonu, danışıq tərzi, yerişi ilə xəyalınızda çox aydın şəkildə canlandırdığınız bu insanı kim seyr edir?
Bu və buna bənzər sualları materialistlərə verdikdə heç bir cavab ala bilməzsiniz. Çünki bu sualların tək cavabı Allahın insana verdiyi ruhdur. Materialistlər isə maddədən başqa heç bir varlığı qəbul etmirlər. Elə buna görə, bu kitabda izah edilən qeyri-adi həqiqət Allahın varlığını inkar edən materialist düşüncəyə ən böyük zərbə vuran, materialistlərin düşünməkdən və haqqında danışmaqdan ən çox çəkindikləri  mövzudur.

Bu görüntüləri ruhumuza seyr etdirən kimdir?

Burada bir sual da verilməlidir: ruhumuz beynimizdə əmələ gələn görüntüləri seyr edir. Bəs bu görüntüləri əmələ gətirən kimdir? Qapqaranlıq beynimizin içində işıqlı, rəngarəng, aydın, kölgəli görüntüləri əmələ gətirən, elektrik siqnallarından kiçik bir yerdə böyük dünyanı meydana gətirən beyin ola bilərmi? Beyin nəm, yumşaq, qırışlı bir ət parçasıdır. Belə bir ət parçası ən qabaqcıl texnologiya ilə istehsal edilmiş televizorlardan daha aydın, heç bir pozulma və ya tutqunluq olmayan, rəngləri son dərəcə canlı olan aydın görüntü əmələ gətirə bilərmi? Beyin kimi təqribən 1.5 kq ağırlığındakı ət parçasının bu qədər qüsursuz hisslər əmələ gətirə bilməsi, əlbəttə, mümkün deyil.

Burada bir həqiqətlə də qarşılaşırıq. Ətrafımızda gördüyümüz hər şeylə birlikdə sahib olduğumuz bədənimiz, əlimiz, qolumuz, üzümüz kölgə varlıq olduğuna görə, beynimiz də kölgə varlıqdır. Elə isə görüntü olan varlığın görüntü meydana gətirdiyini deyə bilmərik.

Bertrant Russel "Nisbiliyin əlifbası" adlı əsərində "Şübhə yoxdur ki, maddə ümumi şəkildə formalaşma qrupu kimi şərh ediləcəksə, bunu gözə, optik sinirə və beyinə də aid etmək lazımdır".26 deyərək bu həqiqətə diqqət çəkir.

Bu həqiqəti dərk edən tanınmış filosof Bergson isə "Maddə və hafizə" adlı kitabında: "dünya görüntülərdən ibarətdir, bu görüntülər ancaq bizim şüurumuzda var; beynin özü də bu görüntülərdən biridir"27, -deyir. Onda ruhumuza bu görüntüləri göstərən, ona həqiqisi ilə eyni dərəcədə aydın görüntü və hisslərlə həyat yaşadan, üstəlik bu görüntüləri fasiləsiz davam etdirən kimdir?

Ruhumuza bütün görüntüləri göstərən, bütün səsləri eşitdirən, ruhumuzun zövq alması üçün bütün dadları və qoxuları yaradan, bütün aləmlərin Rəbbi, hər şeyin Yaradıcısı olan Allahdır.

Materializmin qarşılaşdığı ən əsas müəmmalardan biri: İnsan şüuru

Materialist fəlsəfə insan şüurunu, yəni insanın ruhuna aid xüsusiyyətlərin mənbəyini əsla açıqlaya bilməz. Çünki materialist fəlsəfədə ancaq maddənin varlığına inanılır. İnsanın ruhuna aid şüur, düşünmə, qərar vermə, sevinmə, həyəcanlanma, darıxma, zövq alma, şənlənmə, mühakimə və rəy söyləmə kimi xüsusiyyətlər heç bir maddi anlayış ilə açıqlana bilməz. Materialistlər bu mövzunu "insan şüuru beynin fəaliyyətlərinin məhsuludur" -deyərək məsələdən yayınmağa çalışırlar. Bu materialist elm adamlarından biri olan Francis Crick sözügedən materialist iddianı belə izah edir:

Sevincimiz, kədərimiz, xatirələrimiz və istəklərimiz, şəxsiyyətinizlə bağlı hissləriniz və iradəniz əslində çox sayda sinir hüceyrəsinin və onlara bağlı molekulların birlikdə həyata keçirdiyi hərəkətlərdən başqa bir şey deyil.28

Əslində isə bu, nə elmi, nə də məntiqi cəhətdən müdafiə ediləcək iddia deyil. Materialistləri insan ruhuna aid xüsusiyyətlər belə bir açıqlama verməyə məcbur edən onların maddəçi rəyləridir. Maddənin fövqündə bir varlığın mövcud olması həqiqətini qəbul etməmək üçün insan zehnini maddə ilə "məhdudlaşdırmağa" çalışır və bu məqsədlə ağıl və məntiqə uyğun olmayan iddialara üz tuturlar. Elmi yazıçı John Horgan "məhdudlaşdırma" adlandırılan sözügedən materialist düşüncəyə bağlı olmasına baxmayaraq, Francis Crickin bu iddiasının qəbul edilməz olduğunu və içinə düşdüyü ziddiyyəti belə etiraf edir:

Bir tərəfdən Crick haqlıdır. Biz neyron torbasından başqa bir şey deyilik. Eyni zamanda nə qəribədir ki, nevrologiyanın kifayət etmədiyi məlum oldu. Ağlı neyronlarla açıqlamaq ağlı kvark və elektronlarla açıqlamaqdan daha çox anlayış və fayda gətirmədi. Bir çox alternativ məhdudlaşdırma (reductionaism) var. "Biz xüsusi gen paketindən başqa bir şey deyilik". "Biz təbii seçmə ilə formalaşan uyğunlaşmalardan başqa bir şey deyilik". "Biz fərqli sahələr üçün ayrılmış kompyuter makinalarından başqa bir şey deyilik". Crickin iddiasına bənzəyən bu fikirlərin hamısını müdafiə etmək olar, ancaq heç biri kifayət etmir.29

Bu açıqlamaların, əlbəttə, hamısı qeyri-kafidir, hətta tamamilə məntiqsizdir. Ən qatı materialistlər belə bu həqiqəti əslində çox yaxşı anlayırlar. Belə ki, Darvinin ən yaxın dəstəkləyəni kimi tanınan materialist Thomas Huxley də: "Şüur kimi bu qədər fövqəladə bir şey necə olub sinir toxumalarının bir-birilə qarşılıqlı təsirindən meydana gəlmişdir? Bu, Ələddinin lampasını əli ilə sürtdükdə içindən Cinin çıxması qədər izah edilməzdir", -deyərək şüurun neyronlararası əlaqə ilə açıqlanmasının mümkün olmadığını ifadə etmişdir.30
Huxleydən dövrümüzə qədər insan şüurunun neyronlarla açıqlanmasının mümkünsüzlüyü həqiqəti dəyişməmişdir. Ancaq bunun səbəbi elmin bu sahədəki yeni tapıntılarının kifayət olmadığından irəli gəlmir. Əksinə, nevrologiya sahəsində XX əsrin xüsusilə sonlarında çox irəliləyişlər baş vermiş, bir çox qaranlıq cəhət aydınlığa çıxmışdır. Ancaq bunlar insan şüurunun əsla maddə ilə məhdudlaşmadığını, maddənin fövqündə bir həqiqətin axtarılmalı olduğunu ortaya qoyan elmi fəaliyyətlərdir. Belə ki, Almaniyanın qabaqcıl darvinist-materialist yazıçılarından biri olan Hoimar Von Ditfurth qəbul etdikləri üsul ilə şüurun açıqlanmasının mümkün olmadığını belə etiraf edir:

İzlədiyimiz təbiət tarixi və genetik irəliləyiş yolunda şüurun, ruhun, zəkanın və duyğunun nə olduğuna dair cavab verə bilmədiyimiz gün kimi aydındır. Çünki psixi-zehni ölçü ən azından bu dünyada, bu anda təkamülün gəlib çatdığı ən son həddir. Ona görə də təkamülün sonrakı mərhələ və pillələrinə yenə şüurumuzun köməyi ilə kənardan, onların üstünə çıxaraq baxa bildiyimiz halda şüurun (ruhun) özünə belə bir yaxınlaşma imkanından məhrumuq. Çünki əlimizdə şüurun özündən daha çox inkişaf etmiş yuxarı pillə yoxdur.31

Amerikalı fəlsəfə və riyaziyyat elmləri doktoru William A. Dembski "Converting matter into mind" ("Maddəni zehnə çevirmək") adlı məqaləsində insan beynindəki neyronların biokimyəvi prosesinin başa düşüldüyünü və bunun hansı zehni fəaliyyətlərlə bağlı olduğunun müəyyən edildiyini, ancaq qərar vermək, istəmək, fikir yürütmək kimi xüsusiyyətlərin "maddə ilə məhdudlaşmadığını" və şüuru araşdıran mütəxəssislərin bu məhdudlaşdırmanın qüsurunu gördüyünü belə yazır:

... Şüuru öyrənən alimlərin bu faktı (şüuru) nevroloji səviyyədə anlamaq ümidindən artıq əl çəkdiklərini görünür... Materializmə olan bağlılıq davam etsə də, insan ağlını neyron səviyyəsində açıqlamaq ümidi artıq ciddi düşüncə deyil...32

Şüurun materialist düşüncə tərzi ilə açıqlanması, elm inkişaf etsə də, mümkün deyil. Çünki beyin haqqında nə qədər məlumat əldə edilsə, zehnin maddə ilə məhdudlaşmayacağı bir o qədər də ortaya çıxır. Materialistlər insan şüurunu, həqiqətən, qavramaq istəyirlərsə, öz yanlış düşüncələrindən əl çəkərək düşünməli və araşdırmalıdırlar. Çünki şüurun həqiqi mənasını maddə ilə açıqlamaq mümkün deyil. Şüur Allahın insanlara verdiyi ruhun funksiyasıdır.

Materialistlərə suallar

İnsanların düşüncələrinin, mühakimə və rəy bacarıqlarının, qərar vermə mexanizmlərinin, sevinc, həyəcan, rahatlıq kimi duyğularının beyinlərindəki neyronların bir-birilə qarşılıqlı təsiri olduğunu irəli sürmək son dərəcə məntiqsiz iddiadır. Mövzu üzərində daha ətraflı düşünən materialistlər də bunu başa düşürlər. Tanınmış materialist Karl Lashley insan şüurunu maddə ilə məhdudlaşdırmağın mümkünlüyünü uzun illər müdafiə etməsinə baxmayaraq, karyerasının sonlarında bu fikri söyləmişdir:

Zehin-bədən əlaqəsi istər həqiqi metafizik mövzu, istərsə də sistemli xəta kimi nəzərdən keçirilsin, bu mövzu psixoloqlar və insan məsələlərilə məşğul olan nevroloqlar üçün hələ də problemdir... Necə olur ki, beyin fiziki-kimyəvi sistem kimi bir şeyi qavrayır və ya bilir, yaxud bunu etdiyinə dair özünü aldada bilir?33

Lashley sözügedən ziddiyyəti bircə sual ilə ifadə etmişdir. Əslində isə bu barədə materialistlərin özlərinə verməli və üzərində düşünməli daha bir çox cəhət var. Aşağıdakı açıqlamalar materialist yanaşmanın düşdüyü çıxılmaz vəziyyəti göstərən məsələlərdən bir neçəsidir:

- Düşüncələrin, həyəcan və duyğuların neyronların məhsulu olduğunu söyləmək, bütün bunların əslində neyronları meydana gətirən şüursuz atomların, hətta atomun hissəcikləri olan kvarkların elektronların məhsulu olduğunu iddia etmək ilə eynidir.
- Şüursuz atomlar sevinməyi, ağrını, həyəcanı, musiqidən zövq almağı, ləzzəti, dostluğu, söhbət zövqünü bilmirlər.
- Şüursuz atomlar darvinist və materialist olaraq birləşib kitab yaza bilməzlər.
- Şüursuz atomlar elektron mikroskopunun altında özlərini və ya özlərinin birləşərək əmələ gətirdiyi sinir hüceyrələrini tədqiq edərək bu tədqiqatlarından elmi nəticələr çıxara bilməzlər.
- Görəsən, "şüur beynimizdəki neyronlardadır" -deyərkən əslində nəyi nəzərdə tuturlar? Neyronlar da digər hüceyrələr kimi hüceyrə qılafı, mitoxondri, DNT, ribosom kim tərkib hissələrdən ibarətdir. Görəsən, şüur materialistlərin fikrincə bunların harasında yerləşir? Şüurun neyronlar arasındakı kimyəvi reaksiyalar və elektrik siqnallarından əmələ gəldiyini zənn edirlərsə, yanılırlar. Çünki bizə onlara məlum olan "şüurlu kimyəvi reaksiya" nümunəsi verə bilməzlər. Müəyyən voltajda "düşünməyə" başlayan  "elektrik axını" nümunəsi göstərə bilməzlər. Materialistlər bu mövzular üzərində səmimi şəkildə düşündükdə özlərinin də, digər bütün insanların da neyron yumağından və ya atom yığınından çox fərqli varlıqlar olduğunu dərk edəcəklər. Beyin mütəxəssisi Wolf Singer materialist olmasına baxmayaraq, qarşılaşdığı bu həqiqəti belə ifadə etmişdir:

Kainatın bu ən qarışıq maddəsində özünü "Mən" olaraq dərk edən bir "şey" var.34

Bu elm adamının ifadə etdiyi "şey" Allahın insana verdiyi ruhdur. İnsan sahib olduğu bu ruh ilə düşünən, sevinən, həyəcanlanan, fikirləşən, əks fikirlərə qarşı çıxan, şərəf, hörmət, sevgi, dostluq, vəfa, səmimiyyət kimi anlayışları bilən varlıqdır. Neyronlar və onları əmələ gətirən atomlar isə düşünə bilməzlər, qərar verə bilməzlər, fəlsəfi fikirlər irəli sürə bilməzlər, sevgi, şəfqət hisslərini bilməzlər. Bunu materialistlərin çoxu da tək başına qaldıqda bilir və qəbul edirlər. Ancaq materialist rəylərini elmiliyin və ağlın gərəyi hesab etdikləri üçün yanılırlar və bu açıq-aydın həqiqəti qəbul etmirlər. Əslində isə materializmi müdafiə etmək üçün içinə düşdükləri vəziyyət və qəbul etdikləri ağıldankənar məntiq onlara daha çox zərər verir. "Düşüncələrimiz atomlarımızın, sadəcə neyronlarımızın məhsuludur" -deyən bir insanın xəyallarını həqiqi zənn edən və ya ağlasığmaz nağıllar uydurub sonra bunlara özü inanan insandan heç bir fərqi yoxdur.

Həqiqət budur: insan Allahın ona verdiyi ruhu daşıyan, bu ruh ilə düşünən, danışan, sevinən, qərarlar qəbul edən, sivilizasiyalar quran, ölkələri idarə edən varlıqdır.