ZAMAN HİSSİ

ZAMAN DA HİSSDİR

Kitabın buraya qədər olan bölməsində mütləq varlıq zənn edilən maddənin əsli ilə heç vaxt təmasda ola bilməyəcəyimiz və hər insanın sadəcə beynindəki xəyali görüntülərlə təmasda olduğu açıqlandı. Bu qeyri-adi həqiqətin bütün dünyada Allah sevgisi və qorxusunun artması, mənəviyyatın və gözəl əxlaqın yayılması, materializmin çökməsi üçün nə qədər böyük əhəmiyyətə malik olduğu bildirildi.

Materialistlərin maddə kimi əzəli və mütləq varlıq zənn etdikləri başqa məfhum isə zamandır. Ancaq maddə kimi zaman da hissdir və əzəli deyil, yaradıldığı bir an var. Dövrümüzdə elmi dəlilləri ilə üzə çıxarılan bu həqiqət Quranda bir çox ayə ilə də bildirilmişdir.

Zaman bir anı digər an ilə müqayisə etdikdə ortaya çıxan məfhumdur

Zaman tamamilə bizim hisslərimizə və hisslərimiz arasında apardığımız müqayisəyə əsaslanan anlayışdır. Məsələn, siz hal-hazırda bu kitabı oxuyursunuz. Fərz edək ki, kitabı oxumazdan əvvəl mətbəxdə yemək yeyirdiniz. Elə mətbəxdə yemək yediyiniz "an" ilə "hal-hazırkı an" arasında bir müddət olduğunu düşünür və buna "zaman" deyirsiniz. Əslində isə mətbəxdə yemək yediyiniz "an" sizin hafizənizdəki məlumatdır və siz içində olduğunuz "hal-hazırkı an" ilə hafizənizdəki məlumat arasında müqayisə aparır və bunu "zaman" adlandırırsınız. Bu müqayisəni aparmadığınız təqdirdə zaman anlayışı da qalmayacaq, insan üçün sadəcə içində olduğu an mövcud olacaqdır.

Məsələn, şagirdin son zəng mərasimi hafizəsindəki məlumatdır. İnsan o mərasimdən etibarən hafizəsindəki digər məlumatları da içində yaşamaqda olduğu an ilə müqayisə etdikdə zaman anlayışını əldə edir və hafizəsindəki məlumatlara görə bu zamanın uzunluğunu və ya qısalığını müəyyən edir. Əslində isə bu "uzunluq" və "qısalıq" tamamilə beyində əmələ gələn və bu müqayisədən qaynaqlanan hissdir.


Eyni şəkildə yerə düşən qələmi əyilib götürən və stolun üstünə qoyan birini gördükdə müqayisə edir. Gördüyü insan qələmi stolun üstünə qoyduğu anda o şəxsin qələmi əyilib götürməsi və stola doğru yeriməsini seyr edən şəxsin beynində yerləşən məlumatlardır. Zaman hissi qələmi stolun üstünə qoyan insan ilə bu məlumatlar arasında müqayisə aparılaraq ortaya çıxır.
Məşhur fizik Julian Barbour zamanın tərifini belə verir:

Zaman əşyaların mövqelərini dəyişdirmə ölçüsündən başqa bir şey deyil. Saat kəfkiri yellənir, saatın əqrəbləri hərəkət edir.39

Qısaca desək, zaman beyində xatirə kimi saxlanılan bir sıra məlumatlar, daha doğrusu, görüntülər arasında müqayisə aparılması ilə mövcud olur. Əgər insanın hafizəsi olmasaydı, o insan sadəcə içində olduğu anı yaşayar, beyni bu cür şərhlər etməz və ona görə də zaman hissi də əmələ gəlməzdi.

Zamanın hiss olması barəsində elm adamlarının düşüncələri

Zamanın hərəkət edən cisimlər və meydana gələn dəyişikliklər arasında apardığımız müəyyən ardıcıllıqdan əmələ gələn anlayış olması həqiqəti bu gün elmi cəhətdən də qəbul edilmişdir. Bu barədə fikir bildirən mütəfəkkir və elm adamlarından nümunələr verərək mövzunu daha yaxşı açıqlamağa çalışaq.

"The end of time" (zamanın sonu) adlı kitabında zamansızlıq və sonsuzluq haqqında açıqlamaları ilə elm dünyasında böyük əks-səda doğuran fizik Julian Barbour zamanın hiss olmasının bir çox insan üçün qəbul edilməsi çətin olan həqiqət olduğunu bildirir. "Discover" jurnalında Barbour ilə aparılan müsahibədə zaman hissi üçün şərhləri verir:

"Mən hələ qəbul etməkdə çətinlik çəkirəm", -deyir (Barbour). Ancaq qabaqcadan kainatı anlamaq üçün heç bir zaman etibarlı yol göstərici olmamışdır. Kopernik Günəşin Yerin ətrafında dönmədiyini ilk dəfə söylədiyindən bəri fiziklər hisslərimizi çaşdırdılar. Buna baxmayaraq, Yer 67000 mil/saat sürətlə boşluqda fırlanarkən ən kiçik hərəkəti belə hiss etmirik. Barbour zamanın keçdiyinə dair hissimizin "Düz Dünya Cəmiyyətinin" (Flat Earth Society) batil inancı qədər səhv olduğunu iddia edir.40

Yuxarıda da göründüyü kimi, məşhur fizik Barbour zamanın mütləq varlıq olduğuna dair sahib olduğumuz inancın batil olduğunu bildirir və dövrümüzdə fizika sahəsindəki tədqiqatlar bu həqiqəti açıq şəkildə göstərir. Zaman mütləq deyil, meydana gələn hadisələrə görə fərqli qavranan nisbi məfhumdur.

Nobel mükafatı almış məşhur genetika professoru François Jacob isə "Mümkünlərin oyunu" adlı kitabında zamanın geriyə axını ilə bağlı bunları danışır:

Kadrı geriyə doğru fırladaraq göstərilən filmlər zamanın geriyə axdığı bir dünyanın nəyə bənzəyəcəyini təsəvvür etməmizə imkan verir. Südün fincandakı qəhvədən ayrıldığı və süd qabına geri tökülmək üçün havaya qalxdığı bir dünya; işıq şualarının bir mənbədən çıxdığı yerdə tələnin (cazibə mərkəzinin) içində toplanmaq üçün divarlardan çıxacağı dünya; saysız-hesabsız damlaların heyrətləndirici şəkildə birlikdə suyun üzərinə doğru atılan daşın insanın ovcuna qayıtmaq üçün maili xətt boyu tullandığı dünya. Amma zamanın geriyə axdığı belə bir dünyada beynimizin prosesləri və hafizəmizin əmələ gəlməsi də eyni şəkildə tərsinə çevrilmiş olacaqdır. Keçmiş və gələcək üçün də eyni şey olar və dünya tamamilə bizə göründüyü kimi görünər.41


Beynimiz müəyyən ardıcıllıq üsuluna əsasən işlədiyi üçün hal-hazırda dünya yuxarıda izah edildiyi kimi işləmir və zamanın daim irəliyə doğru axdığını düşünürük. Əslində isə bu, beynimizin içində verilən qərardır və ona görə, bizim üçün tamamilə izafidir. Əgər hafizəmizdəki məlumatlar geriyə doğru fırlanan filmlərdəki kadrlar kimi düzülsə, zamanın axını da bizim üçün geriyə doğru fırladılan filmlərdəki kimi olacaqdır. Belə vəziyyətdə keçmişi gələcək, gələcəyi də keçmiş kimi qavramağa başlayar, həyatı indiki nizamının tamamilə tərsinə olan nizamda yaşayardıq.

Əslində isə zamanın necə axdığını, ya da axıb-axmadığını əsla bilə bilmərik. Bu da zamanın mütləq həqiqət olmadığını, sadəcə qavrayış forması olduğunu göstərir.

Zamanın hiss olması XX əsrin ən böyük fiziki hesab edilən Eynşteynin ortaya qoyduğu Ümumi nisbilik nəzəriyyəsi də təsdiq etmişdir. Lincoln Barnett "Kainat və Eynşteyn" adlı kitabında bu barədə aşağıdakıları yazır:

Hüdudsuz kosmosla birlikdə Eynşteyn sonsuz keçmişdən sonsuz gələcəyə axan səhv etməyən və dəyişməyən ümumdünya zaman anlayışını da bir kənara qoydu. Nisbilik nəzəriyyəsini əhatə edən anlaşılmazlığın böyük hissəsi insanların zaman duyğusunun da rəng duyğusu kimi qavrama forması olduğunu qəbul etmək istəməməsindən doğur... Necə ki, kosmos maddi varlıqların mümkün olan ardıcıllığıdırsa, zaman da hadisələrin mümkün olan ardıcıllığıdır. Zamanın subyektivliyini Eynşteynin sözləri daha yaxşı açıqlayır: "Fərdin həyatı bizə hadisələr ardıcıllığı şəklində sıralanmış kimi görünür. Bu ardıcıllıqdan xatırladığımız hadisələr "daha əvvəl" və "daha sonra" ölçüsünə görə sıralanmışdır. Bu səbəbdən, fərd üçün mən-zamanı, ya da subyektiv zaman var. Bu zaman öz-özlüyündə ölçülə bilməz. Hadisələrlə saylar arasında elə bir əlaqə qura bilərəm ki, böyük say əvvəlki hadisə ilə deyil, sonrakı hadisə ilə əlaqədar olar".42

Eynşteynin bu sözlərindən zamanın irəliyə doğru axması fikrinin tamamilə şərtlənmə olması başa düşülür.

Eynşteyn Barnettin ifadələrilə "kosmos və zamanın da duyğu formaları olduğunu, rəng, forma və böyüklük anlayışları kimi bunların da şüurdan ayrılmaz olduğunu göstərmişdir".43

Ümumi nisbilik nəzəriyyəsinə görə, "zaman mütləq deyil, onu ölçdüyümüz hadisələr ardıcıllığından ayrı, müstəqil bir varlığı yoxdur".

Yuxularımız zamanın nisbiliyinin başa düşülməsi baxımından olduqca əhəmiyyətlidir. Biz yuxuda günlərlə davam etdiyini düşündüyümüz hadisələri yaşayarkən əslində sadəcə bir neçə dəqiqə, hətta bir neçə saniyə davam edən bir yuxu görürük.

Mövzunu bir az da açıqlamaq üçün belə bir nümunə üzərində düşünək. Xüsusi dizayn edilmiş tək pəncərəli otağa qoyularaq burada müəyyən vaxt keçirdiyimizi düşünək. Otaqda keçən zamanı görməyimiz üçün bir saat da olsun. Eyni zamanda otağın pəncərəsindən günəşin müəyyən fasilələrlə doğub-batdığını görək. Aradan bir neçə gün keçdikdən sonra o otaqda nə qədər qaldığımız soruşulduqda verəcəyimiz cavab həm müəyyən vaxtlarda saata baxaraq əldə etdiyimiz məlumat, həm də günəşin neçə dəfə doğub-batdığına əsasən apardığımız hesablamadır. Məsələn, otaqda üç gün qaldığımızı hesablamışıq. Amma əgər bizi bu otağa qoyan şəxs gəlib bizə: "Əslində sən bu otaqda iki gün qalmısan", -desə və pəncərədə gördüyümüz günəşin əslində süni şəkildə əmələ gətirildiyini, otaqdakı saatın da xüsusi sürətlə hərəkət etdirildiyini söyləsə, bu vəziyyətdə apardığımız hesablamanın heç bir mənası qalmır.

Bu misal da göstərir ki, zamanın axma sürəti ilə məlumatımız sadəcə qavrayana görə dəyişən fikirlərə əsaslanır.

Fərqli şərtlər altında insanların eyni zaman kəsiyini daha uzun və ya daha qısa qavramaları da bunun nümunəsidir. Məsələn, əməliyyatdakı qardaşının çıxmasını gözləyən insana bir saatlıq müddət aradan saatlar keçmiş kimi uzun gəlir. Ancaq eyni şəxs çox xoşladığı işi görərkən bir saatın necə keçdiyini anlamaz.

Eynşteynin Ümumi nisbilik nəzəriyyəsinin elmi cəhətdən ortaya qoyduğu həqiqət budur: zamanın sürəti cismin sürətinə və cazibə mərkəzinə olan uzaqlığına görə dəyişir. Sürət artdıqca zaman qısalır, daralır; daha ağır, daha yavaş işləyərək sanki "dayanma" nöqtəsinə yaxınlaşır.


Bunu Eynşteynin misalı ilə açıqlayaq. Bu misala görə, əkiz qardaşlardan biri Yerdə yaşayır, digəri isə işıq sürətinə yaxın sürətlə kosmik səyahətə çıxır. Kosmosa çıxan şəxs geri qayıtdıqda əkiz qardaşını ondan daha yaşlı görəcəkdir. Bunun səbəbi kosmosda səyahət edən qardaş üçün zamanın daha yavaş axmasıdır. Eyni misal işıq sürətinin 99%-nə yaxın sürətlə hərəkət edən raketlə kosmosda səyahət edən ata və Yerdə qalan oğluna da aid edilə bilər. Eynşteynə görə: "əgər atanın yaşı 27, oğlunun yaşı üç olsa, 30 Yer ili sonra ata dünyaya qayıtdıqda oğul 33 yaşında, ata isə 30 yaşında olacaq".44

Zamanın nisbi olması saatların yavaşıması və ya sürətlənməsindən deyil, bütün maddi sistemin atom altı səviyyədəki zərrəciklərə qədər fərqli sürətlərdə işləməsindən irəli gəlir. Zamanın qısaldığı belə mühitdə insan orqanizmindəki ürək döyüntüləri, hüceyrələrin bölünməsi, beyin fəaliyyətləri kimi proseslər daha ağır işləyir.

Beləliklə, insan zamanın yavaşladığını heç anlamadan gündəlik həyatına davam edir.

Zamanın nisbi anlayış olması Quranda bildirilmişdir

Əvvəlki səhifələrdə də bildirildiyi kimi, zamanın mütləq həqiqət deyil, nisbi hiss olması müasir elmin kəşfləri ilə qətiləşmişdir. Elmin XX əsrdə kəşf etdiyi bu həqiqətin Quranda 1400 il əvvəl bildirilməsi isə çox böyük möcüzədir.

Allah bir çox ayəsində dünya həyatının çox qısa olduğunu vurğulayır. Bir insanın təxminən 60 illik ömrünün ayələrdə "günün bir saatı" qədər qısa olduğunu Rəbbimiz belə bildirir:

O gün ki, Allah sizi çağıracaqdır. Siz də Ona şükür edərək dərhal çağırışına cavab verəcəksiniz və sizə elə gələcəkdir ki, (dünyada) çox az qaldınız! (İsra surəsi, 52)

Gündüz bir saat belə olmamışlar kimi, bir yerə toplayacağı gün onlar bir-birini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan hesab edənlər, sözsüz ki, ziyana uğrayacaqlar. Onlar heç doğru yolda da deyildilər. (Yunus surəsi, 45)

Bəzi ayələrdə isə zamanın insanların hesab etdiklərindən daha qısa olduğunu Allah belə bildirir:

Belə buyurdu: "Yer üzündə neçə il qaldınız?" Onlar: "Bir gün, bir gündən də az, hər halda, sayanlardan soruş!" - deyə cavab verdilər. Allah buyurdu: "Əgər bilirsinizsə, siz (orada) çox az qaldınız! (Muminun surəsi, 112-114)

Quranda başqa ayələrdə isə fərqli ölçülərdə zamanın daha fərqli sürətlə axdığı xəbər verilir.
Məsələn, Allah qatındakı bir günün insanların min ilinə bərabər olduğu bildirilir. (Həcc surəsi, 47) Bu mövzu ilə bağlı digər ayələr belədir:

Mələklər və ruh (Cəbrail) Onun dərgahına müddəti əlli min il olan bir gündə qalxarlar. (Məaric surəsi, 4)

O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın min ilinə bərabər olan bir gündə Ona doğru yüksələr. (Səcdə surəsi, 5)

Quranın daha bir çox ayəsində istifadə edilən üslüb zamanın hiss olduğunu açıq şəkildə ortaya qoyur. Allah Quranda bəhs edilən mömin cəmiyyət olan Kəhf əhlini 300 ildən çox müddət ərzində dərin yuxuya vermişdir. Daha sonra oyandırdıqda isə bu şəxslər zaman cəhətdən çox az müddətdə yuxuda olduqlarını düşünmüş, nə qədər çox yatdıqlarını təxmin edə bilməmişlər.

Biz onları mağarada illərlə yuxuya verdik. Sonra iki tayfadan hansının onların (mağarada) qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq. (Kəhf surəsi, 11-12)

Beləcə də onları bir-birindən hal-əhval tutsunlar deyə, oyatdıq. Onların biri dedi: "Nə qədər qaldınız?" Onlar: "Bir gün və ya bir gündən az!" - deyə cavab verdilər. Onlardan (bəziləri isə) belə dedi: "Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir..." (Kəhf surəsi, 19)

Aşağıdakı ayədə bəhs edilən vəziyyət də zamanın əslində psixoloji hiss olmasının vacib dəlilidir.

Yaxud uçulmuş bir kəndin yanından keçən kimsənin əhvalatını bilirsən? O kimsə: "Əcaba, Allah bu kəndi ölümündən sonra necə dirildəcək?" - demişdi. Belə olduqda, Allah onu yüz il ölü halında saxladı, sonra dirildərək ondan: "Nə qədər yatmısan?" - deyə soruşdu. O da: "Bir gün, bəlkə, bir gündən daha az", - deyə cavab verdi. Allah ona: "Bəlkə, yüz il yatmısan, yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni insanlar üçün bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da onların üzərini ətlə örtürük?" - deyə buyurdu. O kimsəyə bunlar aydın olduqda: "Artıq bildim ki, Allah hər şeyə qadirdir!" - dedi. (Bəqərə surəsi, 259)

Göründüyü kimi, bu ayələrdə zamanın nisbi olduğu, mütləq olmadığı açıq şəkildə bildirilir. Yəni zaman qavramaya və qavrayana görə dəyişir; qavrayandan kənar öz-özlüyündə bir varlığı olan sabit varlıq deyil.

Zamanın nisbiliyi qədər həqiqətini də açıqlayır.

Zamanın nisbiliyi ilə bağlı açıqlamalardan və ayələrdən göründüyü kimi, zaman hiss ilə bağlı dəyişən, qeyri-sabit anlayışdır. Məsələn, bizim üçün milyonlarla il davam edən zaman kəsiyi Allah qatında bir andır. Bizim üçün 50 min illik müddət mələklər və Cəbrayıl üçün bir gündür.

Bu həqiqətin bilinməsi qədər mövzusunun qavranması üçün çox vacibdir. Çünki qədər Allahın keçmiş və gələcək bütün hadisələri "tək bir an" içərisində yaratmasıdır. Bu da Allah qatında kainatın yaradıldığı andan qiyamətə qədər olan hər hadisənin yaşanmış və bitmiş olması deməkdir. İnsanların bir çoxu Allahın hələ yaşanmamış hadisələri əvvəlcədən necə bildiyini, Allah qatından keçmiş və gələcək bütün hadisələrin necə yaşanıb bitdiyini və qədərin gerçəkliyini heç cür qavraya bilmirlər. Əslində isə "yaşanmamış hadisələr" bizim nöqteyi-nəzərimizdən yaşanmamış hadisələrdir. Çünki biz Allahın yaratdığı zamana bağlı şəkildə yaşayırıq və hafizəmizə verilən məlumatlar olmadan heçnə bilə bilmərik. Allah dünyadakı imtahan mühitinə görə, "gələcək" adlandırdığımız hadisələri hafizəmizə vermədiyi üçün gələcəkdə nə olacağını da bilmərik. Allah isə zaman və məkandan asılı deyil, onsuz da bunların hamısını yoxdan yaradan Özüdür. Buna görə, Allah üçün keçmiş, gələcək və hal-hazırkı an hamısı birdir və hamısı olub bitmişdir. Allah bir hadisənin sonunu görmək üçün gözləmir. Onsuz da bir hadisənin əvvəli də, sonu da Onun qatında tək bir anda yaşanır. Məsələn, Fironun sonunun necə olduğunu Allah hələ hz. Musanı Firona göndərmədən, hz. Musa hələ doğulmadan, hətta Misir dövləti hələ qurulmadan əvvəl bilir və bütün bu hadisələr Fironun sonu ilə birlikdə Allah qatında tək bir an kimi yaşanmışdır. Bundan əlavə, Allah üçün keçmişi xatırlama deyə bir şey də yoxdur. Keçmiş və gələcək hazır olaraq Allahın daima qarşısındadır, hamısı eyni anda mövcuddur.

İnsan bütün həyatını film lenti kimi düşünsə, biz bu lenti videokassetdən seyr edən kimi seyr edirik və kasseti irəli fırlatmaq kimi imkanımız yoxdur. Allah isə bu film lentini bütünlüklə eyni anda görür və bilir. Onsuz da bu filmi bütün detalları ilə müəyyən etmiş və yaratmış olan Odur. Biz necə bir xətkeşin başını, ortasını və sonunu bir dəfədə görə biliriksə, Allah bizim bağlı olduğumuz zamanı başından sonuna qədər tək bir an olaraq əhatə etmişdir. İnsanlar isə sadəcə zamanı gəldikdə bu hadisələri yaşayaraq Allahın onlar üçün yaratdığı qədərə şahid olurlar. Bu, dünyadakı bütün insanların qədərləri üçün də etibarlıdır. Bu günə qədər yaradılmış və bu gündən sonra da yaradılacaq bütün insanların dünya və axirətdəki həyatları hər anları ilə Allahın qatında hazır və yaşanmış şəkildə mövcuddur. Allahın sonsuz "hifzində" milyardlarla insanla birlikdə bütün canlıların, planetlərin, bitkilərin, əşyaların qədərində yazılmış hadisələr də heç əskilmədən və ya itmədən durur. Qədər həqiqəti Allahın Hafiz (mühafizə edən, qoruyan) sifətinin, sonsuz gücünün, qüdrətinin və böyüklüyünün təcəllilərindən biridir.

"Keçmiş" anlayışı hafizəmizdəki məlumatlara görə əmələ gəlir

Biz bizə verilən təlqinə görə, keçmiş, hal-hazırkı an və gələcək kimi hissələrə ayrılmış zaman kəsiklərini yaşadığımızı zənn edirik. Əslində isə "keçmiş" anlayışına malik olmağımızın tək səbəbi daha əvvəl də bildirdiyimiz kimi, hafizəmizə bəzi hadisələrin verilməsidir. Məsələn, orta məktəbin birinci sinfinə getdiyimiz an hafizəmizdə olan məlumatdır və biz bu səbəbdən bunu keçmiş hadisə kimi qavrayırıq. Gələcəklə bağlı hadisələr isə hafizəmizdə yoxdur. Buna görə, biz hələ xəbərdar olmadığımız bu hadisələri "yaşanacaq", "gələcəkdə baş verəcək" hadisələr kimi qəbul edirik. Əslində keçmiş necə bizim üçün yaşanmış, təcrübədən keçirilmiş, görünmüş hadisələrdirsə, gələcək də eyni şəkildə yaşanmışdır. Ancaq bu hadisələr bizim hafizəmizə verilmədiyi üçün biz bunları bilə bilmərik.

Əgər Allah gələcəklə bağlı hadisələri də hafizəmizə versəydi, onda gələcək də bizim üçün keçmiş olardı. Məsələn, 30 yaşında bir insanın hafizəsində 30 illik xatirələr, hadisələr var və buna görə, bu insan 30 illik keçmişi olduğunu düşünür. Əgər bu insanın hafizəsinə 30 ilə 70 yaş arasındakı gələcəyinə dair hadisələr verilsə, onda 30 yaşındakı bu insan üçün həm 30 ili, həm də 30 ilə 70 yaşı arasındakı "gələcəyi" keçmişə çevrilər. Çünki bu halda keçmişi də, gələcəyi də hafizəsində mövcud olacaq, hər ikisi də onun üçün yaşanmış, görünmüş, təcrübədən keçirilmiş hadisələr olacaqdır.


Ancaq Allah bizə hadisələri müəyyən ardıcıllıqla, kiçikdən böyüyə doğru axacaq şəkildə, sanki keçmişdən gələcəyə axan zaman var imiş kimi hiss etdirdiyi üçün bizə gələcəyimizlə bağlı hadisələri bildirmir, bunlar haqqında məlumatı hafizəmizə vermir. Gələcək bizim hafizəmizdə yoxdur, ancaq Allahın sonsuz hifzində bütün insanların keçmişləri və gələcəkləri var. Bu, daha əvvəl də bildirildiyi kimi, bir insanın öz həyatını artıq mövcud olan filmdən seyr etməsinə bənzəyir. Film artıq çəkilmiş və bitmişdir. Ancaq bu filmi irəliyə çəkmək imkanı olmayan insan kadrları bir-bir seyr etdikcə həyatını görür. Hələ seyr etmədiyi kadrların isə gələcəyi olduğunu zənn edərək yanılır.

Keçmiş və gələcək qeyb xəbəridir

Allah Quranın bir çox ayəsində qeybi, yəni görünməyəni, bilinməyəni, şahid olunmayanı bilənin yalnız Özü olduğunu bildirir:

De: "Ey göyləri və yeri yoxdan yaradan, ey gizlini və aşkarı bilən Allah! Bəndələrin arasında ixtilafda olduqları barəsində Sən hökm edəcəksən!" (Zümər surəsi, 46)

De: "Qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi xəbər verəcəkdir!" (Cumuə surəsi, 8)

(Allah): "Ey Adəm, bunların adlarını onlara bildir!"- dedi. (Adəm) onlara bunların adlarını xəbər verdikdə (Allah): "Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin gizlində - aşkarda nə etdiyinizi bilirəm, söyləmədimmi?" - buyurdu. (Bəqərə surəsi, 33)

Ümumiyyətlə, qeybin sadəcə gələcəyə aid məlum olmayan məlumatlar olması düşünülür, əslində həm keçmiş, həm də gələcək qeybdir. Keçmişdə yaşananlar da, gələcəkdə yaşanacaqlar da Allah qatında qorunan məlumatlardır. Ancaq Allah Öz qatında olan qeyb məlumatlarından bəzilərini insanların hafizəsinə verərək bunları məlum olan, yəni müşahidə edilən hala salmışdır. Məsələn, Allah Quranda keçmişə dair məlumatlar verərək Peyğəmbərimizə (s.ə.v.) bunların qeyb xəbərləri olduğunu xəbər verir:

Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. Səbir et. Həqiqətən, (gözəl) aqibət müttəqilərindir! (Hud surəsi, 49)

Bu, sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Onlar hiylə quraraq əlbir iş gördükləri zaman sən ki onların yanında deyildin! (Yusif surəsi, 102)

Allah Peyğəmbərimizə (s.ə.v.) hələ yaşanmamış bəzi hadisələrdən də xəbərlər vermişdir ki, bunlar gələcəyə dair qeyb xəbərləridir. Məsələn, Məkkənin fəthi (Fətih surəsi, 27) və Romanın bütpərəstlər üzərində qalibiyyəti (Rum surəsi, 3-4), bu hadisələr hələ yaşanmadan əvvəl Peyğəmbərimizə (s.ə.v.) bildirilmişdir. Peyğəmbərimizin (s.ə.v.) qiyamət əlamətləri, axır zaman kimi mövzulardakı hədisləri də o dövrün bütün insanları üçün qeyb olan bu məlumatları Allahın ona öyrətdiyini göstərir. Quranda peyğəmbərlərə və digər bəzi saleh möminlərə də qeybdən xəbərlər verildiyi açıqlanır. Məsələn, hz. Yusifə qardaşlarının tələlərinin boşa çıxacağı xəbər verilmiş (Yusif surəsi, 15), hz. Musanın anasına körpə oğlunun fironun zülmündən qurtulacağı və peyğəmbər olacağı vəhylə açıqlanmışdır (Qəsəs surəsi, 7).

Beləliklə, bizim keçmiş və gələcək adlandırdığımız hadisə və məlumatların hamısı Allah qatında gizli saxlanılan qeyb xəbərləridir. Allah istədiyi vaxt istədiyi şəxsin hafizəsinə bu xəbərlərdən bəzilərini verərək qeybin bir qismini açıqlayır. Müşahidə edilə bilən, yəni görünə bilən, şahid olunmuş bu hadisələr insanlar tərəfindən keçmiş kimi dəyərləndirilir.

Qədərə təslimiyyətin əhəmiyyəti

Keçmiş və gələcəyin əslində Allah qatında yaradılmış və yaşanmış şəkildə gizli və hazır hadisələr olması bizə çox vacib həqiqəti göstərir: hər insan qeyd-şərtsiz qədərinə təslim olmuşdur. İnsan necə keçmişini dəyişdirə bilmirsə, gələcəyini də dəyişdirə bilməz. Çünki keçmişi kimi gələcəyi də yaşanmışdır; gələcəyindəki bütün hadisələr, nə zaman, harada, nə yemək yeyəcəyi, necə, harada öləcəyi-hamısı məlumdur və bunları dəyişdirə bilməz. Çünki bunlar onsuz da Allah qatında, Allahın hafizəsində yaşanmış şəkildə mövcuddur. Sadəcə bunların məlumatı hələ onun hafizəsində deyil.

Ona görə başlarına gələn hadisələrə kədərlənən, əsəbiləşən, qışqıran, gələcəyi üçün narahat olan və hirslənənlər əslində özlərini boş yerə üzürlər. Çünki necə olacağından qayğı və qorxu duyduqları gələcəkləri onsuz da yaşanmışdır və nə etsələr də, bunları dəyişdirmə imkanları yoxdur.

Burada bir cəhətə diqqət edilməlidir: yanlış qədər anlayışından qaçmaq lazımdır. Bəzi insanlar: "Onsuzda qədərimdə nə varsa, o da olacaq, elə isə mənim nəsə etməyimə ehtiyac yoxdur", -deyərək səhv qədər anlayışı əmələ gətirirlər. Hər yaşadığımızın qədərimizdə müəyyən edildiyi həqiqətdir. Biz hələ o hadisəni yaşamazdan əvvəl, o hadisə Allah qatında yaşanmışdır və məlumatı da bütün detalları ilə Allah qatındakı Lövhi-məhfuz adlı kitabda yazılmışdır. Ancaq Allah hər insana sanki hadisələri dəyişdirməyə, öz qərar və seçiminə görə hərəkət etməyə imkanı var imiş kimi hiss verir. Məsələn, insan su içmək istədikdə bunun üçün: "Qədərimdə varsa, içəcəyəm", -deyərək oturub gözləməz. Bundan ötrü qalxar, stəkanı alar və suyunu içər. Həqiqətən də qədərində müəyyən edilmiş stəkanda, müəyyən edilmiş miqdarda suyu içir. Ancaq bunları edərkən öz iradəsi və istəyi ilə etdiyini hiss edir və həyatı boyu bu hissi hər etdiyi işdə yaşayır. Allaha və Allahın yaratdığı qədərinə təslim olmuş insan ilə bu həqiqəti qavraya bilməyən insan arasındakı fərq budur: təslimiyyəti olan insan özü etdiyi hissini yaşamasına baxmayaraq, bunların hamısını Allahın istəyi ilə etdiyini bilir. Digəri isə hər etdiyini öz ağlı və gücü ilə etdiyini zənn edərək yanılır.

Məsələn, xəstəliyi olduğunu öyrənən təslimiyyətli insan bunun qədərində olduğunu bildiyi üçün çox təvəkküllü davranır. "Allah bunu qədərimdə yaratdığına görə, mütləq böyük xeyir var", -deyə düşünür. Amma: "Onsuzda, qədərimdə sağalmaq varsa, sağalacağam", -deyərək tədbir almadan gözləməz. Əksinə, mümkün olan bütün tədbirləri görər. Həkimə gedər, qidalanmasına diqqət edər, dərmanlarını qəbul edər. Ancaq getdiyi həkimin, həkimin yazdığı müalicənin, qəbul etdiyi dərmanların, bunların ona nə qədər təsir edəcəyinin, sağalıb-sağalmayacağının, qısaca desək, hər detalın qədərində olduğunu unutmaz. Bunların hamısının Allahın hafizəsində hələ o, dünyaya gəlməzdən əvvəl hazır şəkildə olduğunu bilir. Allah Quranda insanların yaşadıqları hər şeyin əvvəlcədən bir kitabda yazılı olduğunu belə bildirir:

Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu, sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz! (Hədid surəsi, 22-23)

Elə buna görə, qədərə iman gətirən insan başına gələn heç bir hadisəyə görə kədərlənməz, ümidsizliyə qapılmaz. Əksinə, son dərəcə təvəkküllü, təslimiyyətli və daima rahat olar. Çünki Allah insanların başlarına gələn hər şeyin əvvəlcədən müəyyən olduğunu, buna görə başlarına gələn çətinliklər üçün kədərlənməmələrini və onlara verilən nemətlərə görə azmamalarını əmr etmişdir. İnsanın qarşılaşdığı çətinliklər də, əldə etdiyi uğur və zənginliklər də Allahın təqdiri ilədir. Bunların hamısı Rəbbimizin insanları sınamaq üçün qədərlərində əvvəlcədən müəyyən etdiyi hadisələrdir. Bir ayədə bildirildiyi kimi, "... Allahın əmri əzəli hökmdür!" (Əhzab surəsi, 38). Allah başqa bir ayəsində isə: "Şübhəsiz ki, Biz hər şeyi qədər ilə yaratdıq" (Qəmər surəsi, 49), -deyə bildirir. Sadəcə insanların deyil, bütün canlıların, əşyanın, Günəşin, Ayın, dağların, ağacların, hər varlığın Allah qatında müəyyən edilmiş qədəri var. Məsələn, sınan antik vaza qədərində müəyyən edilən anda sınmışdır. Bir neçə əsrlik bu vaza hələ istehsal edilərkən kimlərin istifadə edəcəyi, hansı evin hansı küncündə, hansı əşyalarla birlikdə duracağı müəyyən edilmiş şəkildə istehsal edilir. Vazanın hər naxışı, üzərindəki hər rəng qədərdə əvvəlcədən müəyyən edilmişdir. Vazanın hansı gün, hansı saatda, hansı dəqiqədə, kim tərəfindən necə sınacağı da Allahın hifzində yaşanmış şəkildə durur. Hətta vazanın ilk dəfə istehsal edildiyi an, ilk dəfə satılmaq üçün vitrində qoyulduğu an, evin küncündə durduğu an və sınaraq qırıq-qırıq olduğu an, qısaca desək, antik vazanın əsrlərlə mövcud olduğu hər an Allah qatında tək bir an kimi mövcuddur. Vazanı sındıran şəxs bir neçə saniyə əvvəl bundan xəbərsiz ikən, Allah qatında o an yaşanmışdır və məlumdur. Buna görə, Allah insanlara itirdiklərinə görə kədərlənməmələrini bildirir. Çünki əllərindən çıxan hadisələrdən dərs almalı, bunlarla tərbiyə olunmalı, bu hadisələrdəki hikmət və xeyirləri görərək daima qədərlərini yaradan sonsuz mərhəmətli, şəfqətli, ədalətli, qullarını əsirgəyən və qoruyan Rəbbimizə yönəlməlidirlər.


Ən mühüm həqiqətdən qafil yaşayan insanlar həyatları boyu daim təşviş və qorxu içində olurlar. Məsələn, uşaqlarının gələcəyi üçün təşviş keçirirlər. Hansı məktəbdə oxuyacağı, necə peşənin sahibi olacağı, sağlamlığı, necə yaşayacağı kimi məsələlərdə təvəkkülsüz halda səy göstərirlər. Əslində isə hər insanın hələ tək hüceyrə halından ilk oxuma-yazma öyrəndiyi ana, universitetə qəbul imtahanında verdiyi cavablardan həyatı boyu hansı şirkətdə nə iş görəcəyinə, hansı kağızları neçə dəfə imzalayacağına, harada və necə öləcəyinə qədər hər anı Allah qatında bəllidir. Bu hadisələrin hamısı Allahın hifzində gizli şəkildə durur. Məsələn, hal-hazırda hər insanın rüşeym halı, ibtidai sinifdəki vəziyyəti, universitetdəki vəziyyəti, 35 yaşını qeyd etdiyi anı, işə başladığı ilk günü, öldükdə mələkləri gördüyü an, yaxınları tərəfindən dəfn edildiyi və axirətdə Allaha hesab verdiyi anlar tək bir an kimi Allahın qatında mövcuddur. Belə olduqda hər anı Allahın qatında yaşanmış, görülmüş və hələ Allahın hafizəsində hazır şəkildə mövcud olan həyat üçün narahat olmaq, qorxu hiss etmək, kədərlənmək böyük qəflətdir. Nə qədər çalışsa da, nə qədər narahat olsa da, bir insanın özü də, uşağı da, həyat yoldaşı və yaxınları da özləri üçün Allah qatında hazır şəkildə mövcud olan həyatlarını yaşayacaqlar.

Elə isə ağıl və vicdan sahibi insan bu həqiqəti qavrayaraq Allaha və Allahın yaratdığı qədərə könüldən təslim olmalıdır. Əslində hər insan onsuz da Allaha təslim olmuş və boyun əymiş şəkildə yaradılmışdır. Çünki istəsə də, istəməsə də Allahın onun üçün yaratdığı qədərə boyun əyərək yaşayır. Qədəri inkar edən insan da qədərində "qədəri inkar etmək" olduğu üçün inkarçıdır.

Allaha könüldən təslim olaraq boyun əyənlər isə həm Allahın razılığını, rəhmətini və cənnətini qazanmağı ümid edə bilərlər, həm də dünyada və axirətdə əminlik və xoşbəxtlik içində rahat həyat yaşayarlar. Çünki Allaha təslim olan, Allahın yaratdığı qədərin onun üçün ən xeyirlisi olduğunu bilən insanı kədərləndirəcək, qorxudacaq, narahat edəcək heç bir şey yoxdur. Bu insan əlindən gəldiyi qədər səy göstərər, ancaq bu səyin də qədərində olduğunu, nə edərsə etsin, qədərində yazılı olanları dəyişdirməyə gücü çatmayacağını bilir.

Mömin Allahın yaratdığı qədərə təslim olacaq, bununla bərabər qarşılaşdığı hadisələr qarşısında əlindən gəldiyi qədər səbəblərə sarılacaq, tədbir görəcək, hadisələri xeyirə doğru yönləndirmək üçün çalışacaq, amma bütün bunların qədəri çərçivəsində həyata keçdiyi və Allahın ən xeyirlisini əvvəlcədən təqdir etdiyini dərk edəcək və rahat olacaqdır. Quranda bu cür davranışa misal olaraq hz. Yaqubun övladlarının təhlükəsizliyi üçün aldığı tədbirdən bəhs olunur. Hz. Yaqub pis niyyətli insanların diqqətini çəkməmələri üçün oğullarına şəhərə ayrı-ayrı qapılardan girməyi nəsihət etmiş, amma bunun Allahın müəyyən etdiyi qədərə əsla təsir etməyəcəyini də onlara xatırlatmışdır:

Dedi: "Oğullarım! Eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun. Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!" (Yusif surəsi, 67)

Allah insanların nə etsələr də, qədərlərini dəyişdirə bilməyəcəklərini bir ayədə belə bildirir:

Bu qəm qüssədən sonra Allah sizə rahatlıq üçün xəfif bir uyğu göndərdi. O, sizin bir qisminizi bürüdü. O biri qisminiz isə ancaq öz canlarının harayına qalaraq: "Bu işdə bizim üçün bir şey varmı?" - deyə Allaha qarşı haqsız yerə, cahiliyyətə xas olan düşüncələrə qapıldılar. Onlara de: "Əlbəttə, bütün işlər Allaha məxsusdur". Onlar sənə açıb bildirmədikləri şeyləri öz ürəklərində gizlədərək: "Əgər bu işdə bizim üçün bir şey olsaydı, elə buradaca öldürülməzdik", - deyirlər. De: "Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları yerlərə gedərdilər ki, Allah sizin ürəklərinizdə olanları yoxlayıb aşkara çıxartsın və qəlblərinizdə olanları təmizləsin. Allah ürəklərdə olanları biləndir!" (Ali-İmran surəsi, 154)

Ayədən də göründüyü kimi, insan ölməmək üçün xeyir və ibadət olan işdən qaçsa belə, əgər ona ölüm yazılmışsa, onsuz da öləcəkdir. Hətta ölümdən qaçmaq üçün əl atdığı yollar və üsullar da qədərində bəllidir və hər insan qədərindəki hadisəni yaşayacaqdır. Allah bu ayədə də insanlara qədərlərində yaratdığı hadisələrin məqsədinin onları sınamaq və onların qəlblərini təmizləmək olduğunu bildirir. "Fatir" surəsində isə hər insanın ömrünün Allah qatında bəlli olduğu, ana bətninə düşən körpələrin də Allahın izni ilə olduğu bildirilir:

Allah sizi torpaqdan, sonra nütfədən xəlq etmiş, sonra da sizi cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz. Ömür sahibi olan birinin uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq kitabda yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır. (Fatir surəsi, 11)

"Qəmər" surəsinin aşağıdakı ayələrində isə insanın hər etdiyinin sətir-sətir yazılı olduğu bildirilərkən, cənnət əhlinin yaşadıqları da yaşanmış şəkildə danışılır. Daha əvvəl də bildirildiyi kimi, cənnətdəki gerçək həyat bizim üçün gələcəkdir. Ancaq cənnətdə olanların həyatları, söhbətləri, ziyafətləri hal-hazırda Allahın hifzində mövcuddur. Biz doğulmadan əvvəl də bütün bəşəriyyətin dünyadakı və axirətdəki gələcəyi Allah qatında bir an içərisində yaşanmışdır və Allahın hifzində mühafizə edilir:

Onların etdiyi hər şey dəftərlərdədir!

Hər bir kiçik və böyük yazılmışdır!


Şübhəsiz ki, müttəqilər cənnət bağlarında və çaylar kənarında,

Haqq məclisində, qadir hökmdarın (Allahın) hüzurunda olacaqlar! (Qəmər surəsi, 52-55)

Allah qatında zamanın tək bir an olduğunu, Allah üçün keçmiş və gələcək olmadığını Quranda istifadə edilən bu üslubdan anlayırıq. Göründüyü kimi, bizim üçün gələcək zamanda olacaq bəzi hadisələr Quranda çoxdan olub-bitmiş hadisə kimi danışılır. Çünki Allah keçmişi də, gələcəyi də bir an kimi artıq yaratmışdır. Buna görə, gələcəkdə olacağı danışılan hadisə artıq olub-bitmişdir. Amma biz görmədiyimiz üçün onu gələcək zənn edirik. Məsələn, axirətdə insanların Allaha verəcəkləri hesabın bildirildiyi ayələr çoxdan olub-bitmiş hadisə kimi bəhs edilir:

Sur çalınacaq, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən başqa, dərhal hamı yıxılıb öləcək. Sonra bir daha çalınan kimi onlar qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar!

Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcək, onlar arasında ədalətlə hökm olunacaq və onlara haqsızlıq edilməyəcəkdir! Hər kəs öz əməlinin cəzası veriləcəkdir! Allah onların nə etdiklərini ən yaxşı biləndir! Kafirlər dəstə-dəstə cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və cəhənnəm gözətçiləri onlara deyəcəklər: "Məgər sizə öz içərinizdən Rəbbinizin ayələrini oxuyan, sizi bu gününüzə qovuşacağınızla qorxudan peyğəmbərlər gəlməmişdi?" Onlar isə: "Bəli (gəlmişdi), lakin əzab sözü kafirlər barəsində vacib oldu!" – deyə cavab verəcəklər. (Onlara) belə deyiləcək: "Girin cəhənnəmin qapılarına orada əbədi qalmaq üçün!" təkəbbür göstərənlərin məskəni necə də pisdir! Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və (cənnət) gözətçiləri: "Salam əleykum! Xoş gəldiniz! Əbədi qalacağınız cənnətə daxil olun!" – deyəcəklər. (Zumər surəsi, 68-73)

Bu barədə digər misallar isə belədir:

Hər bir kəs bir sürüyən və bir də şahidlə gəlmişdir. (Qaf surəsi, 21)

Və (göy) süst düşüb parçalanmışdır. (Haqqə surəsi, 16)

Və onları etdikləri səbir müqabilində cənnətlə və ipəklə mükafatlandırmışdır. Onlar orada taxtlara söykənmiş, orada nə günəş, nə də sərt soyuq görəcəklər. (İnsan surəsi, 12-13)

Cəhənnəm də hər görənə görünəcəkdir. (Naziat surəsi, 36)

Bu gün isə möminlər kafirlərə gülürlər. (Mütəffifin surəsi, 34)

Günahkarlar atəşi görüncə ona düşəcəklərini yəqin etmiş və oradan baş götürüb qaçmağa bir yer tapa bilməmişlər. (Kəhf surəsi, 53)

Yuxarıdakı ayələrdə ölümümüzdən sonra yaşanacaq hadisələrdən yaşanmış və bitmiş hadisələr kimi bəhs edilir. Çünki Allah bizim bağlı olduğumuz nisbi zaman ölçüsündən və məkandan uzaqdır. Allah bütün hadisələri zamansızlıqda diləmiş, insanlar bunu etmiş, bütün bu hadisələr yaşanmış və nəticələnmişdir. Böyük-kiçik hər hadisədən Allahın xəbəri olduğunu və bir kitabda qeyd olunduğu həqiqəti isə aşağıdakı ayədə belə xəbər verilir:

Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın! (Yunus surəsi, 61)