SONSUZLUĞU QAVRAMAQ
SONSUZ ZAMAN ALLAHIN HAFİZƏSİNDƏ QORUNUR
Maddənin əsli ilə heç vaxt təmasda olmadığımızı və gördüyümüz hər şeyin beynimizdə əmələ gələn hisslər olduğu həqiqətini tam qavraya bilməyən bəzi insanlar müxtəlif səhv fikirlərə düşür, bu həqiqətdən səhv nəticələr çıxarırlar. Məsələn, bir qismi maddənin xəyal olduğuna dair izahları "maddə yoxdur" kimi anlayırlar. Bir qismi isə maddənin ancaq biz gördüyümüz zaman xəyal kimi mövcud olduğunu, ancaq görmədikdə yox olduğunu zənn edirlər. Bunların heç biri doğru deyil.Əvvəla, "maddə yoxdur" və ya "insanlar, ağaclar, quşlar... bunların heç biri yoxdur" demək qətiyyən doğru deyil. Çünki bunların hamısı var və hamısını Allah yaratmışdır. Ancaq Allah bütün bu varlıqları kitabın əvvəlindən bəri izah etdiyimiz kimi bizim üçün görüntü, hiss kimi yaratmışdır. Yəni Allah bu varlıqları yaratdıqdan sonra onları öz başlarına (qaim) olan sabit varlıqlar etməmişdir. Hər birini hər an yaratmaqda davam edir. Biz görsək də, görməsək də, bu varlıqlar Allahın hafizəsində sonsuzluğa qədər mövcuddur. Bizdən əvvəlkilər kimi, bizdən sonrakı varlıqları da Allah tək bir an içərisində onsuz da yaratmışdır. Zamanın hiss olması mövzusunda izah edildiyi kimi, zamanı da Allah yaratmışdır və Allah zamandan uzaqdır.
Ona görə, bizim üçün gələcəkdə var olacaq varlıqlar da əslində Allah qatında "tək bir an" içərisində yaradılmışlar və hal-hazırda mövcuddurlar. Ancaq biz zamandan asılı olduğumuza görə, onları hələ görə bilmərik.
Gələcəkdə görə biləcəyimiz və ya bizim üçün gələcəkdə mövcud olacaq varlıqlar necə Allahın hafizəsində hər an mövcuddurlarsa, keçmişdəkilər də eyni şəkildə, heç itmədən Allahın hafizəsində mövcuddurlar. Məsələn, sizin rüşeym kimi ana bətnindəki halınız, oxuma-yazmağa başladığınız bu günkü halınız, ilk dəfə qiymət vəsiqənizi əlinizə aldığınız an, ilk dəfə avtomobil istifadə etdiyiniz an, bir gün avtobusda yer verdiyiniz yaşlı qadının üzündəki təbəssümün olduğu an kimi, keçmişdə yaşadığınız bütün anlarla yanaşı gələcəkdə yaşayacağınız bütün anlar da hal-hazırda Allahın hifzindədir və heç itmədən sonsuzluğa qədər qalacaqlar.
Yolda gedərkən ayağınıza ilişən daş parçası qədərdə siz hələ doğulmamış ayağınıza ilişəcəyi vaxt müəyyən edilmiş şəkildə yaradılmışdır. O daşın daha böyük qayadan qopduğu, bütün girinti-çıxıntılarının əmələ gəldiyi hər mərhələ Allah qatında siz hələ o daş ayağınıza ilişmədən əvvəl mövcuddur. Eyni şey zibil qutusunda gördüyünüz ölü kəpənək və ya başınıza ağacdan düşən quru yarpaq üçün də keçərlidir. Kəpənəyin hələ tırtıl halından baramadan çıxmasına, qanadlarını qurutduğu andan yerdəki zibilə qarışdığı ana qədər hamısı qədərdə sonsuz başlanğıcdan məlumdur. Allah qatında bu kəpənəyin canlı halları və ölü halı heç itmədən durur və sonsuzluğa qədər durmaqda davam edəcəkdir.
Bütün hadisələr "Lövhi-məhfuz" adlı kitabda qeyd olunmuşdur
Əvvəlki bölmədə də izah etdiyimiz kimi, Allah bizim üçün keçmiş və gələcək bütün hadisə və varlıqları tək bir anda yaratmışdır. Quranda bütün insanların və varlıqların qədərlərinin Allah qatında Lövhi-məhfuz adlandırılan əsas kitabda qorunduğu belə bildirilir:...Dərgahımızda (hər şeyi) hifz edən bir Kitab vardır! (Qaf surəsi, 4)
Göylərdə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Kitabda (Lövhi-Məhfuzda) olmasın! (Nəml surəsi, 75)
Allah başqa ayələrində də göylərdə və yerdə olan hər şeyin bu kitabda olması həqiqətini belə xəbər verir:
İnkar edənlər: "Qiyamət bizə gəlməyəcəkdir!" - dedilər. De: "Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, qiyamət sizə gələcəkdir. Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın!" (Səba surəsi, 3)
Ayələrdə də bildirildiyi kimi, kainat yaradıldığından bəri mövcud olan canlı-cansız hər şey, baş verən hər hadisə Allahın yaratmasıdır və ona görə, bunlardan Onun xəbəri vardır; yəni bütün bunlar Allahın hifzindədir. Lövhi-məhfuz da Allahın Hafiz sifətinin bir təzahürüdür.
Keçmiş və gələcək əslində "hal-hazırda" yaşanmaqdadır
Allah qatında zaman olmadığı üçün bütün hadisələr tək bir anda həyata keçir və o, "hal-hazırki an"dır. "Hal-hazırda" bizim üçün keçmiş və gələcək olan bütün hadisələr Allah qatında bizim hadisələri gördüyümüzdən daha aydın və canlı şəkildə baş verir. Məsələn, hz. Yunus hal-hazırda gəmidəki tələ nəticəsində dənizə atılır, hz. Yusif hal-hazırda qardaşları tərəfindən quyuya atılır, hal-hazırda zindandakı ilk yeməyini yeyir, zindandan hal-hazırda çıxaraq yeriyir. Hz. Məryəm hal-hazırda Cəbrayıl ilə danışır, hz. İsa hal-hazırda doğulur. Hz. Nuh gəmisinin ilk mismarını hal-hazırda vurur, hz. Nuh və ailəsi hal-hazırda gəmidən Allahın onları üçün seçdiyi torpaqlara enirlər. hz. Musanın anası onun beşiyini hal-hazırda gəmidən buraxır, hz. Musa hal-hazırda sıx meşəlikdə Allahdan ilk vəhyini alır, dəniz hal-hazırda iki yerə yarılır, inananlar hal-hazırda dənizdən keçərkən Firon hal-hazırda ordusu ilə birlikdə boğularaq ölür. Hz. Musa hal-hazırda Xızırla görüşür, Xızır da yetim uşaqların divarını hal-hazırda sökür. Hz. Zülqərneyndən onları qorumaq üçün sədd inşa etməsini istəyənlər tələblərini hal-hazırda ona çatdırırlar və hz. Zülqərneyn qiyamətə qədər deşilməz və keçilməz səddi hal-hazırda inşa edir. Hz. İbrahim atasına hal-hazırda nəsihət edir, bütpərəst tayfanın bütlərini hal-hazırda sındırır və tayfasının onu atdığı atəş hz. İbrahimə hal-hazırda sərinlik verir. Hz. Muhəmməd (s.ə.v.) hal-hazırda Cəbrayıldan vəhy alır, elə indicə Məscidül-həramdan əl-Əqsa məscidinə aparılır. Lut qövmü hal-hazırda yerlə bir olur. Cənnət əhli hal-hazırda taxtlarda oturaraq qarşılıqlı söhbət edirlər. Cəhənnəm əhli isə hal-hazırda oda atılır, böyük əzab və faydası olmayan peşmançılıq içində əzab çəkirlər. Allah bu görüntülərin hamısını "hal-hazırkı anda" bizim bilməyimiz mümkün olmayan tam aydın şəkildə görür və eşidir. Bizim şahid olduğumuz və olmadığımız bütün hadisələr və bütün səslər Allah qatında hər an hazırdır və bütün canlılığı ilə hər an yaşayır. Bunların heç biri heç vaxt itmir, hər zaman Allahın hafizəsində bütün detalları ilə yaşanır.Bu həqiqət sizin həyatınıza da aiddir. Məsələn, babanızdan sizə qalan evin bünövrəsi əslində hal-hazırda qoyulur. Atanız bu evdə hal-hazırda doğulur. Sizin ilk dəfə danışmağa başladığınız an da hal-hazırkı andır. Bu gününüzdən tam 10 il sonra yediyiniz yeməyi əslində hal-hazırda yeməkdəsiniz.
Bütün bu misalların qarşımıza bir daha çıxardığı həqiqət budur: heç bir an, heç bir kadr, heç bir hadisə, heç bir varlıq yox olmamışdır və olmayacaqdır. Necə televizorda seyr etdiyimiz bir film lentinə qeyd edilmişdirsə, müxtəlif kadrlardan ibarətdirsə və bu kadrları bizim görməməyimiz onların olmadığı mənasına gəlmirsə, bizim "keçmişdə yaşanmış" və ya "gələcəkdə yaşanacaq" dediyimiz hadisələrə də eyni şey aiddir.
Ancaq bir cəhətin səhv başa düşülməməsi çox vacibdir: bu səhnələrin heç biri xatirə və ya xəyal kimi deyil. Bunların hamısı eynilə hal-hazırda yaşadığınız an kimi canlıdır. Hər şey diri şəkildə qorunur. Biz yalnız Allah bizə bu hissləri vermədiyi üçün onları keçmiş, bitmiş hadisələr kimi görürük və Allah istədiyi vaxt bizə bu görüntüləri göstərə bilər, bu hadisələrə aid hissləri verərək bizə də bu hadisələri yaşada bilər.
Bu misallardan da göründüyü kimi, Allah üçün keçmiş, gələcək, indi-hamısı birdir. Elə buna görə, Allaha heç bir şey gizli qalmır. Belə ki, ayədə də Rəbbimiz bu həqiqətə belə diqqət çəkmişdir:
Dedi: "Oğlum, bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu ortaya gətirər. Həqiqətən, Allah lətifdir, xəbərdardır! (Loğman surəsi, 16)
Allah cənnətdə istəyənə keçmişi eynilə göstərə bilər
Cənnətdəki qul əgər istəsə, Allah ona dünya həyatından hadisələri eynilə göstərə bilər (doğrusunu Allah bilir). Məsələn, cənnətdəki insan Allahdan ölmüş itinin canlı halını, yanmış evinin yanmadan əvvəlki halını, Titanik gəmisinin batmadan əvvəlki halını görmək istədikdə Allah ona bunların hamısını göstərəcəkdir. Həm də o ankı ən canlı hallarını. Məsələn, Titanik dənizdə səyahət edərkən, o anda ətrafda olan bütün balıqlar yenə eyni yerlərində olacaq, içində olan insanlar yenə eyni mövzuları, eyni kəlmələrlə danışacaqlar. Keçmişdə yaşamış böyük sivilizasiyalar ən ehtişamlı dövrləri ilə, quruluşları ilə, zənginlikləri ilə birlikdə görünəcəkdir. İnk mədəniyyətini görmək istəyən insan bu mədəniyyətin hər dövrünü istədiyi an görə biləcəkdir. Allahın hafizəsində hər hadisə sonsuzluğa qədər eyni canlılıqla yaşanmaqda davam etdiyi üçün insan istədiyi hər şeyi eyni ilə hazır tapacaqdır.Allah bir ayəsində "...orada sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır" (Fussilət surəsi, 31), -deyərək cənnətdə insanın istədiyi hər şeyə sahib olacağını bildirir. İnsanlara kədər verməyəcək, onları sevindirəcək, dünyaya aid hər görüntü və hadisəni Allah cənnətdəki qullarına istədikləri anda göstərəcəkdir. Bu, Rəbbimizin cənnətə layiq qulları üçün hazırladığı böyük nemətdir.
Bu mövzunun insanlar üçün əhəmiyyəti
Bu mövzu insanlar üçün böyük əhəmiyyət daşıyır. Çünki bizim gün ərzində yaşadığımız və hətta axşam olduqda belə unutduğumuz hər danışığımız, hər davranışımız, hər baxışımız, fikrimizdən keçirdyimiz hər düşüncə Allah qatında unudulmur və eynilə mühafizə edilir. Məsələn, dostu ilə söhbət edərkən dedi-qodu edən insan buna əhəmiyyət vermir, hətta unudur. Ancaq onun dedi-qodu etdiyi an Allah qatında sonsuzluğa qədər qalır. İçindən müsəlmanlar əleyhinə fikir keçən insanın o düşüncəsi onu düşündüyü andakı üzünün ifadəsi, içindən keçirdiyi cümlələr, Allah qatında sonsuzluğa qədər durur. Özü ac olmasına baxmayaraq, fədakarlıq edərək dostunu doyuran insanın fədakarlığı, o andakı vəziyyəti, baxışı, düşüncələri də Allah qatında itmədən sonsuzluğa qədər qalacaqdır. Qarşısına çıxan çətinliyə Allah rizası üçün səbir edən, ona sıxıntı verən insana gözəl söz deyən insanın gözəl əxlaqlı davranışı da heç vaxt itmədən sonsuza qədər mühafizə edilir. Allah axirət günündə hər kəsi etdiyi bu yaxşı və pis davranışlara görə sorğu-sual edəcək. İnsanların etdikləri halda unutduqları şeylər heç unudulmadan və ya dəyişikliyə uğramadan qarşılarına çıxacaqdır. Hətta bəzi şəxslər sorğu-sual zamanı ona verilən kitabın nə qədər hərtərəfli olduğuna təəccüb edəcək və belə deyəcəklər:Əməl dəftəri qarşılarına qoyulmuşdur. Günahkarların orada olanlardan qorxduqlarını görürsən. Onlar belə deyirlər: "Vay halımıza! Bu necə bir kitab imiş! O, bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!" Onlar etdikləri bütün əməllərin hazır durduğunu görmüşlər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Kəhf surəsi, 49)
Buna görə, bu həqiqətin fərqində olan hər bir insan hər davranışının və düşüncəsinin sonsuzluqda saxlandığını, sonsuzluğa qədər Allahın hafizəsində mövcud olmağa davam edəcəyini heç unutmamalı və axirətdəki sorğu-sualdan qorxub çəkinməlidir.