GİRİŞ

Otağınızın pəncərəsindən çöldəki mənzərəni seyr etdikdə həyatınız boyu aldığınız təlqinə əsasən, bu mənzərəni gözlərinizlə gördüyünüzü zənn edirsiniz. Əslində isə həqiqət belə deyil. Çünki siz gözlərinizlə çöldəki mənzərəni görmürsünüz. Siz beyninizin içində əmələ gələn mənzərəyə aid görüntünü görürsünüz. Bu, hər hansı bir təxmin və ya fəlsəfə deyil, elmi həqiqətdir.

Görmə hadisəsinin necə baş verdiyini xatırladıqda bu mövzu daha aydın başa düşüləcəkdir. Gözün vəzifəsi sadəcə ona gələn işığı tor qişasındakı hüceyrələr vasitəsilə elektrik siqnalına çevirməkdir. Bu elektrik siqnalı isə beyninizdəki görmə mərkəzinə ötürülür. Daha sonra bu elektrik siqnalları pəncərənizdən gördüyünüz mənzərənin görüntüsünü əmələ gətirirlər. Nəticə etibarilə, görüntünün əmələ gəldiyi yer beyninizdir və siz evinizdən çöldəki mənzərəni deyil, beyninizin içindəki mənzərəni görürsünüz.

Yuxarıdakı rəsmdə pəncərədən baxan insanın gözünə çöldən "işıq" düşür. Bu işıq gözdəki hüceyrələr tərəfindən elektrik siqnalına çevrilərək bu insanın beyninin arxa tərəfində yerləşən kiçik görmə mərkəzinə gəlir və bu elektrik siqnalları beyində mənzərə görüntüsünü əmələ gətirir. Əslində beynimizin içi açılsa, burada mənzərəyə aid görüntü tapa bilmərik. Ancaq beynimizin içindəki şüur beyinə gələn elektrik siqnallarını mənzərə kimi qavrayır. Elə isə beynin içində gözü, göz hüceyrələri, tor qişası olmadan elektrik siqnallarını qavrayan şüur nədir, kimə aiddir?

Eyni vəziyyət hal-hazırda oxuduğunuz kitaba da aiddir. Gözlərinizə gələn işığın elektrik siqnallarına çevrilərək beyninizə çatması nəticəsində beyninizdə bu kitabın görüntüsü əmələ gəlir.

Yəni kitab hal-hazırda sizdən xaricdə deyil, içinizdə, beyninizin arxa tərəfindəki görmə mərkəzindədir. Bəlkə kitabın bərkliyini əlinizlə hiss etdiyiniz üçün kitabı özünüzdən xaricdə zənn edirsiniz. Ancaq bu bərklik hissi də eynilə görmə hissində olduğu kimi, beyninizdə meydana gəlir. Barmaq uclarınızdakı sinirlər oyandırıldıqda bu xəbərdarlıq elektrik siqnalına çevrilərək bu dəfə beyninizdəki toxunma mərkəzinə çatdırılır və siz beyninizdə kitaba toxunduğunuza və onun bərkliyini, səhifələrinin sürüşkənliyini, cildindəki qabarıqlığı, kağız kənarlarının sivriliyini qavradığınıza dair hisslərə malik olursunuz.

Əslində isə heç bir zaman bu kitabın əslinə toxuna bilməzsiniz. Toxunduğunuzu hesab etdikdə əslində beyninizin içindəki toxunma hissini qavrayırsınız. Bu kitab maddə kimi sizin beyninizdən kənarda var, ancaq siz sadəcə beyninizdə əmələ gələn kitab görüntüsü ilə təmasda ola bilirsiniz. Bu kitabın yazıçı tərəfindən yazıldığı, kompyuterdə səhifə quruluşunun düzülməsi və ya bir mətbəədə çap edilməsi sizi yanıltmasın. Çünki bir azdan izah ediləcək məlumatlar bu kitabın ərsəyə gəlməsinin hər mərhələsində əməyi olan insanların, mətbəənin, kompyuterlərin də heç vaxt əslini bilməyəcəyinizi sizə göstərəcək.

Beləliklə, biz gördüyümüz, toxunduğumuz, hiss etdiyimiz hər şeyi beynimizin içində yaşayırıq. Bu texniki həqiqətdir və elmi dəlillər nəticəsində etiraza və ya mübahisəyə səbəb olacaq mövzu deyil. Əsas cəhət bu texniki həqiqətin bizi apardığı və yuxarıda verilən sualdır:

Beynimizin içində bir gözü olmadan, pəncərədən görünən mənzərəni seyr edən, bu mənzərədən həzz alan, həyəcanlanan kimdir? Bu vacib sualın cavabı da sonrakı səhifələrdə veriləcəkdir.