MADDƏNİN ARDINDAKI SİRR
MÖVZUSU VƏHDƏTİ-VÜCUD DEYİL
Maddənin ardındakı sirr mövzusu bəzi şəxslərin etirazlarına səbəb olmuşdur. Sözügedən şəxslər bu mövzunun əsasını səhv anladıqları üçün bu mövzunun vəhdəti-vücud təlimi ilə eyni olduğunu iddia edirlər. Əvvəla, qeyd etmək lazımdır ki, bu əsərlərin müəllifi əhli-sünnə inancına sıx bağlıdır və vəhdəti-vücud təliminin tərəfdarı deyil. Bundan əlavə, unutmaq olmaz ki, vəhdəti-vücud təlimi Muhyiddin ibn Ərəbi kimi çox böyük İslam alimləri tərəfindən müdafiə edilmişdir.
Vəhdəti-vücud düşüncəsini izah edən bir çox məşhur İslam aliminin keçmişdə bu kitablarda verilən bəzi mövzuları düşünərək izah etdikləri doğrudur. Ancaq bu əsərlərdə bəhs edilənlər vəhdəti-vücud düşüncəsi ilə eyni deyildir.
Vəhdəti-vücud düşüncəsinin tərəfdarlarından bir qismi səhv fikirlərə düşərək Qurana və əhli-sünnə inancına zidd olan bəzi iddialar irəli sürmüşlər, məsələn, Allahın yaratdığı varlıqları tamamilə yox hesab etmişlər. Əslində isə maddənin ardındakı sirr mövzusu izah edilərkən qətiyyən belə bir iddia irəli sürülmür. Bu mövzu Allahın bütün varlıqları yaratdığını, ancaq yaratdığı varlıqların əslini Allahın gördüyünü, insanların isə bu varlıqların beyinlərində əmələ gələn görüntülərini gördüklərini açıqlayır.
Gördüyümüz bütün varlıqlar, dağlar, düzənliklər, çiçəklər, insanlar, dənizlər, qısaca desək, gördüyümüz hər şey Allahın Quranda var olduğunu, yoxdan yaratdığını bildirdiyi hər varlıq yaradılmışdır və vardır. Ancaq insanlar bu varlıqların əslini duyğu orqanları yolu ilə görə bilməz, hiss edə bilməz və ya eşidə bilməzlər. Gördükləri və hiss etdikləri, bu varlıqların beyinlərindəki surətləridir. Bu, elmi həqiqətdir və bu gün başda tibb fakültələri olmaqla, bütün məktəblərdə öyrədilən elmi mövzudur. Hal-hazırda bu yazını oxuyan insan bu yazının əslini görə bilməz, bu yazının əslinə toxuna bilməz. Bu yazının əslindən gələn işıq insanın gözündəki bəzi hüceyrələr tərəfindən elektrik siqnalına çevrilir. Bu elektrik siqnalı beynin arxasındakı görmə mərkəzinə ötürülərək mərkəzə xəbərdarlıq edir və insanın beyninin arxasında bu yazının görüntüsü əmələ gəlir. Yəni siz bu dəqiqə gözünüzlə gözünüzün önündəki yazını oxumursunuz. Bu yazı sizin beyninizin arxasındakı görmə mərkəzində əmələ gəlir. Sizin oxuduğunuz yazı beyninizin arxasındakı "yazı surətidir". Bu yazının əslini isə Allah görür.
Beləliklə, maddənin beynimizdə əmələ gələn xəyal olması onun "yox" olduğu demək deyil. Ancaq bizə insanın təmasda olduğu maddənin mahiyyəti haqqında məlumat verir ki, bu da maddənin əsli ilə heç bir insanın təmasda olmadığı həqiqətidir.
Bu həqiqət "İdealizm, Matriks fəlsəfəsi və Maddənin gerçəyi" adlı kitabımızda belə ifadə edilmişdir:
Xarici aləmdə maddə var, ancaq biz maddənin əsli ilə təmasda ola bilmərik!
Maddə xəyaldır demək, maddə yoxdur demək deyil. Əksinə, biz görsək də, görməsək də, maddi dünya mövcuddur. Ancaq biz bu dünyanı beynimizin içində bir surət, başqa bir sözlə, hisslərimizin ifadəsi kimi görürük. Ona görə, maddə bizim üçün xəyaldır.
Xarici aləmdəki maddənin varlığını bizdən başqa görən varlıqlar da var. Allahın mələkləri, katib kimi təyin etdiyi elçiləri də bu dünyaya şahidlik edirlər.
Xatırla ki, sağında və solunda təsbit edən iki mələk oturmuşdur! Dediyi hər sözü onun yanında hazır durub gözləyən vardır! (Qaf surəsi, 17-18)
Hər şeydən önəmlisi budur ki, Allah hər şeyi görür. Bu dünyanı hər cür incəlikləri ilə Allah yaratmışdır və Allah hər şeyi görür. Quran ayələrində belə xəbər verilir:
... Allahdan qorxun və bilin ki, Allah, həqiqətən, sizin nə etdiyinizi görəndir! (Bəqərə surəsi, 233)
De: "Mənimlə sizin aranızda təkcə Allahın şahid olması kifayət edir. Şübhəsiz ki, O, bəndələrindən xəbərdardır, görəndir!" (İsra surəsi, 96)
Bundan əlavə, unutmaq olmaz ki, Allah bütün hadisələri "Lövhi-məhfuz" adlı kitabda yazmışdır. Biz görməsək də, bunların hamısı Lövhi-məhfuzda var. Hər şeyin Allah qatında Lövhi-məhfuz adlandırılan "əsas kitab"da qorunduğu belə bildirilir:
Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda mövcuddur. O, çox ucadır, çox hikmətlidir. (Zuxruf surəsi, 4)
... Dərgahımızda hifz edən bir kitab vardır! (Qaf surəsi, 4)
Göylərdə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın bir Kitabda olmasın! (Nəml surəsi, 75)